Instagramın Yemək Fenomeni- Pankek Resepti
Pankek adətən həftəsonu üçün səhər yeməyi menyusunun olmazsa olmazı olsa da, biz bu ləzzəti daha tez tez dadmaq istəyirik. Məhz elə biz bu səbəbdən sizin üçün məşhur aşbaz Jamie Oliverin təcrübəsindən keçmiş asan hazırlanışı olan pankek reseptini və onu servis edə biləcəyniz 3 üsulu paylaşırıq. Çünki siz pankeklərinizi hazırlayıb bitirdikdən sonra daha həyəcanlı hissə onları üst-üstə yığıb və üstünü bəzəmək olur.
Porsiya: 9 iri ölçülü pankek Vaxt sərfi: 15 dəqiqə Çətinlik: çox asan
Nələrə ehtiyacınız olacaq?
6 böyük kənd yumurtası
230 qr un
2 dolu çay qaşığı qabartma tozu
280 ml süd
2 çimdik duz
Yumurtanın ağını sarısından ayırın və ayrı kasaya tökün. İki çimdik duz atıb beze formasını alana qədər çırpın (əl mikserindən istifadə edərək vaxt qazana bilərsiniz). Başqa qabda yumurtanın sarısına ələnmiş un əlavə edin və növbəti olaraq qabartma tozu və südü əlavə edərək hamısı bir yerdə yaxşı qarışana qədər çırpın. Yumurtanın ağı olan qarışığı bu qarışığa əlavə edin. Qarışımın qabarıqlılığını saxlamaq üçün çalışın ki, bunu çox zaman itirmədən edəsiniz. Çömçədən istifadə edərək qarışımı yapışdırmayan və orta dərəcədə qızdırılmış tavaya tökün. Çox isidilmiş tavaya töksəniz yaxşı bişməyəcək və kənarları yanacaq. Yağ istifadə etməyin. Əmin olun ki, tavanız pankek üçündür və o yapışmayacaq. Bir neçə dəqiqə gözlədikdən sonra pankekin üzərində qabarcıqlar görünəndə pankeki çevirmək zamanı olacaq. Plastik qaşıqdan istifadə edin və çevirmədən öncə əmin olun ki pankek tavaya yapışmayıb. Pankeklər qızılı rəng alanda çevirin. Pankekləriniz hazır olandan sonra onları boşqabda dəstə edib dekorasiya edə bilərsiniz.
Jamie Oliver`in bu resepti ən asan və ən effektiv reseptdir. Əgər siz də blinlərdən daha qabarıq bir şey hazırlamaq istəyirsinizsə bu sizin üçün əla vasitədir. Əgər qonağınız varsa və porsiyanı artırmaq istəyirsinizsə, o zaman reseptin həcmini 2 dəfə artırmalısınız.
Pankeki ən çox sevdirən səbəblərdən biri də onu istədiyiniz kimi dekor edə bilməyinizdir. Bəzəmək hissəsi işin ən həyəcanlı qismidir. Əgər evinizdə kiçik uşaqlarınız və ya balaca bacınız, qardaşınız varsa çox yaxşı vaxt keçirəcəyinizdən əmin ola bilərsiniz. İmkanlar çoxdur, məsələn siz onu sağlamlıq üçün faydalı olan labne (süzmə qatıq) ilə, bal ilə və sevdiyiniz meyvlər ilə istədiyiniz kimi bəzəyə bilərsiniz.