Tiramisu Milkshake
Tiramisu, yoxsa milkshake? Bizdən soruşsanız- hər ikisi! Bu gün sizlərə yay aylarında içinizi sərinlədəcək olduqca ləzzətli, yüngül və hazırlanması çox asan olan "Tiramisu Milkshake"-i təqdim edirik!
Bu içki ilk tanışlıqdan özünü sevdirərək, həm ailəniz və yaxınlarınız üçün hazırlaya biləcəyiniz kiçik amma xoş bir sürpriz, həm də yay partilərinizin əvəzolunmazına çevriləcəkdir.
Tərkibi isə olduqca sadədir:
100 ml süd
100 ml kofe
2 ədəd pişik dili peçenyələri (xarici markaların üzərində adı "Lady fingers" kimi gedir)
2 qaşıq vanilli dondurma
1 yemək qaşığı labne pendiri
kakao
Hazırlanma qaydası:
İlk əvvəl işimizə kofemizi hazırlamaqla başlayırıq. Bunun üçün öz zövqünüzə uyğun olaraq, südlü və ya acı kofe hazırlayıb soyuduruq. Ümumiyyətlə, bütün lazım olan ərzaqlar soyuducuda soyudulmuş olmalıdır. Sonra mətbəx robotuna südü, hazırladığımız kofeni, dondurma və labne pendirini töküb nisbətən homogen hal alana qədər çalırıq. Sonra peçenyələri əlavə edib yenidən peçenyələr xırdalanıb qarışana qədər çalırıq. Bu prosesi mikserlə də aparmaq mümkündür, lakin bu zaman peçenyələri əlavə etməzdən əvvəl kənarda xırdalamaq məsləhətlidir. Bu mərhələdən sonra milkşeykimiz hazır hesab oluna bilər. Servis üçün kokteyl qabına boşaldılır, üzərinə kakao səpilir. Şeykimiz artıq servis üçün hazırdır. Nuş olsun!